Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir.
Gundemxeber.org xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra dini abidələrə dövlət qayğısının təcəssümü olaraq təmir olunan məscidlər barədə videoçarx nümayiş etdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ümummilli lider Heydər Əliyevin “Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar.” fikrinin tarixi və dini irsimizə münasibətin mühüm fəlsəfəsini ifadə etdiyini vurğulayıb. O bildirib ki, dini abidələr yalnız memarlıq nümunələri deyil, xalqın tarixi yolunun, dini dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşının mühüm daşıyıcılarıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, bu gün ölkəmizdə mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Tarixi və mədəniyyət abidələrinin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunmuş qərarlar bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, Pir Həsən ziyarətgahında bərpa işləri başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələsinə çatıb, Gəncədəki “Cümə” məscidində isə təmir-bərpa işlərinə başlanılıb.
İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpasının əhəmiyyətinə də toxunan Ramin Məmmədov qeyd edib ki, bu proses xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasına xidmət edir. Bu sahədə dövlət siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr xüsusi yer tutur.
Dövlət Komitəsinin sədri tarixi-dini abidələrin bərpasından sonra onların qorunması və yaşadılması üçün aidiyyəti dövlət qurumları, mütəxəssislər və dini icmalar arasında əməkdaşlığın vacib olduğunu deyib. Abidələr haqqında məlumatların sistemləşdirilməsi, vahid məlumat bazasının və rəqəmsal xəritənin yaradılması, zəruri hallarda müxtəlif sahələr üzrə mütəxəssislərin prosesə cəlb olunmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Qeyd edək ki, tədbir panel sessiyalarla işini davam etdirir. Panellərdə dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti müzakirə olunacaq.
21-12-2017, 10:44
21-12-2017, 11:15
21-12-2017, 12:37
5-05-2014, 18:58
25-11-2016, 13:04
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?